Saybalı

Saybalı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonu ərazisində, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 119 km şimal-qərbdə, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir.1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. Ermənilər bura 1924–1925-ci illərdə İran və Türkiyədən köçürülüb yerləşdirilmişlər.

Toponim qədim türk dilində “vulkan mənşəli daşlıq”, “düzənlik, düzəngah, səhra” mənasında işlənən “say” sözü ilə “sığınacaq, şəhər, qala” mənasında işlənən balıq (balık, baluq) sözü əsasında formalaşmışdır. Saybalı toponimin ikinci komponenti olan “balı” sözünün sonunda “q” samiti düşmüşdür. M.Kaşğari arqu tayfasının yaşadığı şəhərin adının da “Balu” olduğunu qeyd edir. M.Kaşğarinin adını çəkdiyi “Balu” toponimi “balıq” sözündən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Sarnakunk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°38′ şm. e., 45°53′ ş. u.