Sultanbəy

Sultanbəy – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 41 km cənub-şərqdə, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay (1828) müqaviləsinə əsasən ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. 1829-cu ildə İranın Səlmas əyalətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir.

Kənd Sultan adlı bəy tərəfindən salındığı üçün “Sultanbəy kəndi” adlanmışdır. Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Bartsiruni” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°31′ şm. e., 45°28′ ş. u.