Qısırxaraba

Qısırxaraba – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Paşalı yaşayış məntəqəsindən 15-17 km şərqdə, rayondakı Terp kəndinin yaxınlığında yerləşirdi.

Kənddə 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 136 nəfər, 1904-cü ildə 152 nəfər, 1914-cü ildə 167 nəfər, 1916-cı ildə 187 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 4 nəfər, 1926-cı ildə 18 nəfər azərbaycanlı yaşamışdır. 1928–1929-cu illərdə azərbaycanlılar erməni kommunistləri tərəfindən sıxışdırılaraq kənddən çıxarılmışdır. Kənd 1930-cu ildə ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “otsuz, bitkisi olmayan torpaq” mənasında işlənən “qısır” sözü ilə “dağılmış, viran edilmiş” mənasında işlənən “xaraba” sözü əsasında əmələ gəlmişdir.