Cul

Cul – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 32 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır.

Kənddə 1831-ci ildə 117 nəfər, 1873-cü ildə 708 nəfər, 1886-cı ildə 899 nəfər, 1897-ci ildə 1214 nəfər, 1904-cü ildə 1222 nəfər, 1914-cü ildə 1344 nəfər, 1916-cı ildə 1607 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan sakinləri tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 717 nəfər, 1926-cı ildə 431 nəfər, 1931-ci ildə 950 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar 1948–1949-cu illərdə zorla Azərbaycana köçürülmüşlər. 1950-ci ildən burada ermənilər yaşayırlar.

Toponim “çul” türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Hartavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°39′ şm. e., 45°37′ ş. u.