Çiraxlı

Çiraxlı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Çiraxlı selavının yaxınlığında, Terp kəndinin yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində “Çiraxlu” formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 21 nəfər, 1886-cı ildə 20 nəfər, 1897-ci ildə 31 nəfər, 1904-cü ildə 41 nəfər, 1914-cü ildə 45 nəfər, 1916-cı ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi məcburi tərk edənlər öz doğma torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 40 nəfər, 1926-cı ildə 15 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1920–1930-cu illərdə onlar sıxışdırılaraq kənddən çıxarılmışdır. 1930-cu ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qədim “sirak” türk etnoniminin bir variantı olan “çırak” (çirax) etnoniminə mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması ilə düzəlmişdir.