Ərinc – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Paşalı (Əzizbəyov, Vayk) yaşayış məntəqəsindən 16-17 km şimal-şərqdə, Arpa çayının sağ qolu olan Ərinc çayın sahilində yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ərsinc” kimi, “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə “Ərnic” kimi, Qafqazın beşverstlik xəritəsində “Arinc” formasında, O.Yeğiazaryanın 1955-ci ildə erməni dilində çap olunmuş “Əzizbəyov rayonunun mədəniyyət abidələri” kitabında “Arinc kənd yeri” formasında qeydə alınmışdır.
Burada 1831-ci ildə 177 nəfər, 1873-cü ildə 129 nəfər, 1886-cı 152 nəfər, 1897-ci ildə 200 nəfər, 1904-cü ildə 264 nəfər, 1914-cü ildə 290 nəfər, 1916-cı ildə 252 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Kənddə 1922-ci ildə 23, nəfər 1926-cı ildə 103 nəfər, 1931-ci ildə 171 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir.
1949-cu ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.