Leyliköçən

Leyliköçən (Leyliqaçan) – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Culçayın sağ qolu olan Köçbəkçayın yaxınlığında yerləşirdi. Kəndin adı erməni mənbələrində “Leyliqaçan” kimi də göstərilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 139 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 352 nəfər, 1904-cü ildə 384 nəfər, 1914-cü ildə 422 nəfər, 1916-cı ildə 420 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Leyli şəxs adı ilə “köçən” feili sifətin birləşməsindən əmələ gəlmişdir. “Leylinin köçünün düşdüyü yer” mənasını verir.