Karvansara – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Aşağı Qaranlıq yaşayış məntəqəsindən 10-12 km cənub-şərqdə, Mədinə kəndinin yaxınlığında, Əyriçay çayının sahilində yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Əyriçay Karvansara” və “Əyricə Karvansara” kimi də qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 168 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci 309 nəfər, 1904-cü ildə 341 nəfər, 1914-cü ildə 441 nəfər, 1916-cı ildə isə 294 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra əhalinin bir hissəsi doğma yer-yurdlarına qayıtmışdır. Burada 1922-ci ildə 78 nəfər, 1926-cı ildə 45 nəfər azərbaycanlı, 1931-ci ildə 80 nəfər azərbaycanlı, 69 erməni, 29 kürd yaşamışdır. Ermənilər kəndə 1928–1930-cu illərdə köçürülmüşdür. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Sonra kənd ləğv edilmişdir.
Toponim “ticarət yolu üzərində tikili bina” mənasında işlənən “karvansara” sözü əsasında əmələ gəlmişdir.