Adamxan – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 26 km cənub-şərqdə, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin digər adı “Atamxan” olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
1828-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır. 1828–1829-cu və 1877–1878-ci illərdə Türkiyənin Ələşgird vilayətinin kəndlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmiş və azərbaycanlılar deportasiya olunmuşdur.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°11′ şm. e., 45°11′ ş. u.