Kolagirən – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 50 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Kolaqran”, “Aşağı Kolagirən”, “Kolanı qırılan” formalarında, Qafqazın beşverstlik xəritəsində “Kyolanı qran” formasında qeydə alınmışdır.
Ermənilər kəndə 1828–1830-cu illərdə Türkiyədən köçürülmüşlər. Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 88 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində azərbaycanlılar kənddən qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.
Toponim “kolagirən” türk etnonimi əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Tsovinar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°27′ ş. u.