Vəliağalı

Vəliağalı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 28 km cənub-şərqdə, Göyçə gölünün yaxınlığında, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsi ilə bağlı 1828–1829-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişlər. Kənddə 1897-ci ildə ermənilərlə yanaşı 41 azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim Vəliağa şəxs adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması əsasında formalaşan vəliağalı nəsil adından əmələ gəlmişdir.

Kəndin adı 1920-ci ildə dəyişdirilərək “Dzoraqyuğ” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 45°11′ ş. u.