Kiçik Qaraqoyunlu – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Basarkeçər (Vardenis) yaşayış məntəqəsindən 14 km cənub-qərbdə yerləşir.
Kənddə 1897-ci ildə 235 nəfər, 1908-ci ildə 253 nəfər, 1914-cü ildə 328 nəfər, 1916-cı ildə 301 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprel ayında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 197 nəfər, 1926-cı ildə 212 nəfər, 1931-ci ildə 209 nəfər azərbaycanlı yaşamışdır. Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilərək ləğv edilmişdir.
Toponim “qaraqoyunlu” türk etnonimi əsasında əmələ gəlmişdir.