Hüseynquluağalı

Hüseynquluağalı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 83 km cənub-şərqdə, Məzrə çayının yanında, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 636 nəfər, 1886-cı ildə 760 nəfər, 1897-ci ildə 877 nəfər, 1908-ci ildə 778 nəfər, 1914-cü ildə 1207 nəfər, 1916-cı ildə 1079 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprelin 13–20-də kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinləri öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə kənddə 527 nəfər, 1926-cı ildə 605 nəfər, 1931-ci ildə 719 nəfər, 1939-cu ildə 873 nəfər, 1959-cu ildə 976 nəfər, 1970-ci ildə 1577 nəfər, 1979-cu ildə 1855 nəfər, 1987-ci 3000 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən deportasiya edilmişdir. Hazırda burada ermənilər yaşayırlar.

Kəndin adı Hüseynqulu ağa (“ağa” sözü titul bildirir) şəxs adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması əsasında yaranmışdır.

Kəndin adı 1924-cü ildə dəyişdirilərək Azərbaycan yazıçısı və ictimai xadimi N.Nərimanovun şərəfinə “Nərimanlı”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Şatvan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 45°49′ ş. u.