Qaraiman

Qaraiman – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 92 km cənub-şərqdə, dağ ətəyində, dəniz səviyyəsindən 2200 km hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 207 nəfər, 1873-cü ildə 418 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 775 nəfər, 1908-ci ildə 1033 nəfər, 1914-cü ildə 1079 nəfər, 1916-cı ildə 650 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kəndin sakinləri – azərbaycanlılar 1919-cu il aprel ayının 13–20-də qırğınlara məruz qalaraq erməni silahlı birləşmələri tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanları yenidən Qaraiman kəndinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 478 nəfər, 1926-cı ildə 527 nəfər, 1931-ci ildə 652 nəfər, 1939-cu ildə 819 nəfər, 1959-cu ildə 564 nəfər, 1979-cu ildə 823 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim qaraman türk tayfasının adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Sovetkənd”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Kaxakn” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°17′ şm. e., 45°47′ ş. u.