Qayabaşı

Qayabaşı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 83 km cənub-şərqdə, Məzrə çayının yanında, dəniz səviyyəsindən 2025 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı “Qaya Başı” “Hacı Qərib” formasında da qeyd edilir.

Kənddə 1873-cü ildə 131 nəfər, 1886-cı ildə 181 nəfər, 1897-ci ildə 219 nəfər, 1908-ci ildə 219 nəfər, 1914-cü ildə 240 nəfər, 1916-cı ildə 234 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə aprelin 13-20-də azərbaycanlılar qırğınlara məruz qalaraq erməni silahlıları tərəfindən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılar geri qayıda bilmişdilər. 1926-cı ildən burada müsəlman kürdlər də yaşamışdır. 1922-ci ildə 149 nəfər, 1926-cı ildə 129 nəfər azərbaycanlı, 113 nəfər kürd, 1931-ci ildə 181 nəfər azərbaycanlı, 175 nəfər kürd, 1939-cu ildə 408 nəfər, 1959-cu ildə 371 nəfər, 1970-ci ildə 522 nəfər, 1979-cu ildə 663 nəfər azərbaycanlı və kürd yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında azərbaycanlılar və kürdlər Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “qaya” oroterminindən və “dağın yuxarısı, zirvəsi” mənasında işlənən “baş” sözündən əmələ gəlmişdir. “Qayanın başında yerləşən kənd” mənasını bildirir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Keğamabak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°48′ ş. u.