Qırxbulaq

Qırxbulaq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 77 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərqində, dəniz səviyyəsindən 1960 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 247 nəfər yalnız azərbaycanlı, 1897-ciildə ermənilərlə yanaşı 23 nəfər azərbaycanlı yaşamışdır. 1831-ci ildən sonra kəndə Türkiyənin Bəyazid bölgəsindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1905–1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən sıxışdırılarq kənddən tamamilə çıxarılmışdır. 1906-cı ildən sonra kənddə yalnız ermənilər yaşamışdır.

Toponim Azərbaycan dilində “çoxlu” mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranmışdır. Ərazidə çoxlu bulaq olduğu üçün kənd “Qırxbulaq” adlandırılmışdır. Qırxbulaq ərazisində İrəvan xanlarının yaylaq yerləri olmuşdur.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Akunk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°09′ şm. e., 45°43′ ş. u.