Aşağı Şorca – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Kəndin başqa adları Yeni Keyti, Salman kənd olmuşdur. İ.Şopenin əsərində kəndin adı “Aşağı Keyti və ya Salman kəndi” formasında qeydə alınmışdır. Kənd vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 83 km cənub-şərqdə, Məzrə çayının sağ sahilində, dəniz səviyyəsindən 2260 m hündürlükdə yerləşir. Kəndin adı Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 164 nəfər, 1873-cü ildə 411 nəfər, 1886-cı ildə 524 nəfər, 1897-ci ildə 584 nəfər, 1908-ci ildə 721 nəfər,1914-cü ildə 910 nəfər, 1916-cı ildə 843 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişdilər. Burada 1922-ci ildə 394 nəfər, 1926-cı ildə 494 nəfər, 1931-ci ildə 617 nəfər, 1939-cu ildə 764 nəfər, 1959-cu ildə 634 nəfər, 1970-ci ildə 932 nəfər, 1979-cu ildə 1045 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında azərbaycanlılar Ermənistani dövlət tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim “duzlu, şoranlı” mənasında işlənən “şor” sözünə sifətin çoxaltma dərəcəsini bildirən “-ca” şəkilçisinin artırılması əsasında yaranmışdır. Erməni ədəbiyyatında “Nerkin Şorja” formasında əksini tapır.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 45°45′ ş. u.