Dərə

Dərə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 99 km şərqdə, dəniz səviyyəsindən 1980 m hündürlükdə yerləşir. Həmin ərazi vaxtilə Səməd ağaya mənsub olmuş və burada salınan kənd “Səmədağa Dərəsi” adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent “Səmədağa” ixtisar edilmiş və kənd “Dərə” kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir.

1918–1920-cı illər hadisəsi ilə bağlı Novo-Bəyazid qəzasına daxil olan Kəvər bölgəsindəki (sonralar Kamo rayonu) Ağzıbir, Hacı Muxan, Ağqala, Əyrivəng kəndlərinin aborigen sakinləri olan azərbaycanlılar ermənilər tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. Qaçqın azərbaycanlılar Göyçə gölünü keçərək Basarkeçər rayonundakı Dərə kəndinə sığınmışlar. Kənddə 1939-cu ildə 235 nəfər, 1959-cu ildə 320 nəfər, 1970-ci ildə 364 nəfər, 1979-cu ildə 411 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1988-ci ildə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində “iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur” mənasında işlənən “dərə” sözü əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Daranak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 45°34′ ş. u.