Şahgəldi Qışlağı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Hors kəndinin yaxınlığında, Səlim çayının sahilində, Arpa çayının sağ qolunun yaxınlığında yerləşirdi.
Kənddə 1831-ci ildə 36 nəfər, 1873-cü ildə 80 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 133 nəfər, 1904-cü ildə 133 nəfər, 1914-cü ildə 146 nəfər, 1916-cı ildə 179 nəfər, 1919-cu ildə 115 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 45 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.
Toponim “Şahgəldi” sözü ilə “qışlaq” sözünün birləşməsindən əmələ gəlmişdir. Qışlağın şaha məxsus olduğunu ifadə edir.