Cıvıxlı

Cıvıxlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda kənd. Kəndin adı “Çivixli”, “Çibuxli”, “Çibixlı” formalarında da qeyd edilir. Çəmbərəkdən 13 km şimal-qərbdə, dəniz səviyyəsindən 1720 m hündürlükdə yerləşir. Kölkənd kənd sovetliyinə tabe idi.

Kənddə 1897-ci ildə 80 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin martında kənd sakinləri ermənilərin təcavüzünə məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənisanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə burada 137 nəfər, 1931-ci ildə 132 nəfər, 1970-ci ildə 364 nəfər, 1979-cu ildə 351 nəfər yalnız azərbaycnlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında kəndin sakinləri olan azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya edilmişlər.

Toponim çubuxlu türk tayfa adı əsasında əmələ gəlmişdir. “Cıvıxlı” “çubuxlu” etnoniminin dialekt variantıdır. Etnotoponimdir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il qərarı ilə adı dəyişdirilərək “Tsapkut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°40′ şm. e., 45°14′ ş. u.