Qurdqulaq

Qurdqulaq – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Keşişkənd (Yeğeqnadzor) yaşayış məntəqəsindən 4-5 km məsafədə, Arpa çayının sol qolu olan Qurdqulaq çayının sahilində yerləşir.

Kənddə 1873-cü ildə 336 nəfər, 1886-cı ildə 379 nəfər, 1897-ci ildə 470 nəfər, 1904-cü ildə 690 nəfər, 1914-cü ildə 760 nəfər, 1916-cı ildə 581 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra onlar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 64 nəfər azərbaycanlı, 248 erməni, 1931-ci ildə 66 nəfər azərbaycanlı, 301 erməni yaşamışdır. Ermənilər burada 1923–1925-ci illərdə yerləşdirilmişdir. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənd yaşayış məntəqələri siyahısından silinmişdir.

Toponim “qurt//qurd” türk etnoniminə “dərə, təpələr arasında düzənlik, təpə, yüksəklik” mənasında işlənən “qulaq” (kulak) sözünün birləşməsindən əmələ gəlmişdir. “Qurd tayfasına mənsub dərə, təpə yaxınlığındakı kənd” mənasını ifadə edir.