Ardanış

Ardanış – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 72 km şimalda-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1975 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Ərdanuc”, Qafqazın beşverstlik xəritəsində “Ardanic” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 119, 1873-cü ildə 389, 1886-cı ildə 602, 1897-ci ildə 788, 1908-ci ildə 1000, 1914-cü ildə 1045, 1916-cı ildə 1158, 1919-cu ildə 1154 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin əvvəllərində (fevral–mart aylarında) kəndin ermənilər tərəfindən qovulmuş azərbaycanlı əhalisi Azərbaycana yerləmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan ardanışlılar öz doğma kəndlərinə dönə bilmişdilər. 1922-ci ildə burada 1138, 1926-cı ildə 1257, 1931-ci ildə 1246, 1939-cu ildə 1643, 1959-cu ildə 1406, 1970-ci ildə 2034, 1979-cu ildə 2037 nəfər, 1986-cı ildə 2500 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24-dən 28-dək Ermənistan dövləti tərəfindən kənd sakinləri tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim qədim türk dilində “dağ”, “dağlıq”, “dağ kəndi” mənasında işlənən “art” sözündən və məkan anlayışı bildirən “-an” və “-ış” sözdüzəldici şəkilçisindən ibarət olub “dağlıq yerdə yerləşən kənd” mənasını bildirir. Kəndin relyefi bu məna ilə uyğun gəlir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°29′ şm. e., 45°21′ ş. u.