Çinarlı

Çinarlı – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 78 km şərqdə, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Çinari” formasında qeyd edilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra buranın azərbaycanlı əhalisi tədricən kəndi tərk etmişdir. Kənddə ermənilərlə yanaşı 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “çinar” ağac adına “-lı” şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Çinari” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 45°34′ ş. u.