Haqqıxlı

Haqqıxlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Karvansara (İcevan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 11 km şimal-şərqdə, dəniz səviyyəsindən 1750 m hüdürlükdə yerləşir. 1930-cu ilin axırlarına kimi, Dilican rayonunun tərkibində olmuşdur.

Kənddə 1873-cü ildə 188 nəfər, 1897-ci ildə 372 nəfər, 1904-cü ildə 347 nəfər, 1916-cı ildə 450 nəfər, 1919-cu ildə 121 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayında kəndin köklü sakinləri olan azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan haqqıxlılar kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 306 nəfər, 1926-cı ildə 331 nəfər, 1931-ci ildə 412 nəfər, 1939-cu ildə 578 nəfər, 1959-cu ildə 707 nəfər, 1970-ci ildə 869 nəfər, 1979-cu ildə 748 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında ermənilər kəndə hücum etmiş, sakinləri deportasiya olunmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim türk mənşəli “haqqıxlı” etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vurğun” (Azərbaycan şairi Səməd Vurğunun şərəfinə), Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Hovk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°47′ şm. e., 45°01′ ş. u.