Yuxarı Körpülü – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 60 km şimal-qərbdə, Quruçay vadisində, dəniz səviyyəsində 600 m hündürlükdə yerləşir.
Kənddə 1831-ci ildə 43 nəfər, 1886-cı ildə 361 nəfər, 1897-ci ildə 402 nəfər, 1908-ci ildə 440 nəfər, 1914-cü ildə 427 nəfər, 1916-cı ildə 792 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələri tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə burada 523 nəfər, 1926-cı ildə 530 nəfər, 1931-ci ildə 630 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan döyləti tərəfindən yenidən öz doğma kəndlərindən qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.
Kənd XII əsr tarixi abidəsi olan Sınıqkörpünün (Qırmızı körpü) yanında salındığı üçün “Körpülü” adlandırılmışdır. “Yuxarı” fərqləndirici əlamət bildirir.
Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Zorakap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°13′ şm. e., 44°55′ ş. u.