Xoşkotan

Xoşkotan – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 31 km məsafədə, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.

Toponim qədim türk dilində “düşərgə”, ”yurd”, “icma”, “kiçik yurd” mənasında işlənən “koş” (→xoş) sözü ilə və “heyvanların salındığı yer”, “tövlə”, “yaşayış məntəqəsinin (aulun) yaxınlığında axşamlar qoyunların salındığı yer”, “heyvanların salındığı yer”, “şəhər qala divarları” mənasında işlənən “kotan” sözünün birləşməsindən əmələ gəlib, “qoyunların saxlandığı yer, yurd yaxınlığında olan kənd” mənası ifadə edir. “Kotan” sözü türk dillərində “kutan” formasında “xutor, köçəri çobanların dağdakı otlağı” mənasında işlənir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Voskevan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°07′ şm. e., 45°03′ ş. u.