Qarakilsə

Qarakilsə – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 50 km şimal-qərbdə, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Qarakilis” formasında qeydə alınmışdır.

Burada Qarakilsə adlı iki kənd olmuşdur: “Böyük Qarakilsə”, “Kiçik Qarakilsə”. Böyük Qarakilsədə 1831-ci ildə ermənilərdən başqa 8 nəfər azərbaycanlı yaşamışdır. Kiçik Qarakilsədə 1886-cı ildə yalnız 106 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin 90-cı illərində azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lernhovit”, Ermənistan prezidentinin 4 dekabr 1995-ci il tarixli fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək “Lernahivit” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°09′ şm. e., 44°26′ ş. u.