İlməzli

İlməzli – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 53 km şimal-qərbdə, dəniz səviyyəsindən 1660 m hündürlükdə yerləşir. Keçmiş Vorontsovka (Kalinino) rayonu yaradılanadək keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.

Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 212 nəfər, 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 195 nəfər, 1914-cü ildə 188 nəfər, 1916-cı ildə 479 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yerlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 431 nəfər, 1926-cı ildə 462 nəfər, 1931-ci ildə 565 nəfər, 1939-cu ildə 653 nəfər, 1959-cu ildə 852 nəfər, 1965-ci ildə 1037 nəfər, 1979-cu ildə 1213 nəfər, 1987-ci ildə 3126 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə ilməzlilər tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. Hazırda burada ermənilər yaşayırlar.

Toponim türk dilində tayfa mənasında işlənən “il//el” sözü ilə qədim türk dilində “təpə” mənasında işlənən “mar” sözünün fonetik forması olan “maz” sözündən əmələ gəlmişdir. Azərbaycan dilində “r~z” səs əvəzlənməsi (yor~yoz, yar~yaz, gör~göz) qanunauyğun fonetik hadisə kimi “maz”, “mar” sözünün fonetik formasıdır.

Ermənistan prezidentinin 8 avqust 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Daştadem” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°08 şm. e., 44°10′ ş. u.