Kömürlü

Kömürlü (Gomurlu) – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Vilayətdəki Yelpin kəndinin yaxınlığında, Arpa çayının sol qolu olan Axta çayının yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftər”ində “Kömür” kimi, Qafqazın beşverstlik xəritəsində “Gomurlu” formasında qeydə alınmışdır. Erməni mənbələrində “Kyomurlu” formasında göstərilir.

Kənddə 1873-cü ildə 95 nəfər, 1886-cı ildə 147 nəfər, 1897-ci ildə 192 nəfər, 1904-cü ildə 205 nəfər, 1914-cü ildə 225nəfər, 1916-cı ildə 259 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində “dağ başında dar, yarğanlı, uçurumlu yer” mənasında işlənən “kömür” sözünə “-lu” şəkilçisinin artırılması ilə düzəldilmişdir. “Dağ başında dar, yarğanlı, uçurumlu yerdə salınan kənd” mənasını bildirir.