Şaqarda – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Cəlaloğlu (Stepanavan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş kənd.
Burada tarixən azərbaycanlılar yaşamışlar. Ədirnə (1829) müqaviləsinə əsasən İrəvan xanlığının ərazisində ermənilərin köçürülüb məskunlaşdırılmasından sonra kəndin köklü sakinləri olan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Burada ermənilərlə yanaşı 1897-ci ildə 5 nəfər, 1916-cı ildə 21 nəfər, 1922-ci ildə 11 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır. Kənd sonradan ləğv edilmişdir.
Şaqarda toponimi birinci komponenti “saq” türk etnonimi ilə türk dilində “dağbeli”, “dağ, dağ keçidi”, “təpə” mənasında işlənən “art” sözünün birləşməsindən əmələ gəlmişdir. “Dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer” mənasını ifadə edir.