Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə 20 yanvar 1882-ci ildə İrəvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Əvvəl ev təhsili almış, daha sonra İrəvan Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1902-ci ildə seminariyanı bitirərək ekstern imtahan vermiş və müəllimlik şəhadətnaməsi almışdır.
Mirzə Cabbar 1902-ci ilin sentyabrında Nehrəm məktəbində müəllimliyə başlamış, daha sonra Qəmərli və İmanşalı məktəblərində dərs demişdir. 1905–1906-cı illərdə Qəmərli məktəbinin nəzarətçisi olmuşdur. 1913-cü ilədək İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmişdir.
Mirzə Cabbar 1906-cı ildə İbadulla bəy Muğanlinskinin İrəvanda açdığı şəxsi hazırlıq məktəbində rus dili və riyaziyyat müəllimi kimi çalışmışdır. Birinci Dünya müharibəsi zamanı İrəvan Müəllimlər Seminariyası Sərdarabada köçürülmüş və Mirzə Cabbar burada dərs deməyə davam etmişdir. Bu dövrdə onun Azərbaycan və rus dilləri ilə bağlı bir sıra kitabları nəşr olunmuşdur.
1918-ci ildə daşnakların hakimiyyətə gəlməsi ilə İrəvan gimnaziyası və müəllimlər seminariyası bağlandığı üçün Mirzə Cabbar ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. Burada ali ibtidai məktəbdə rus, türk və Azərbaycan dillərindən dərs demiş, eyni zamanda Naxçıvanın daşnaklardan müdafiəsində iştirak etmişdir.
1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra İrəvana qayıtmışdır. Həmin ilin sonlarında isə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. O, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətini davam etdirmişdir. Bu dövrdə dilçilik sahəsində araşdırmalar aparmış və “Azərbaycan dilinin tədrisi metodikası” adlı vəsait hazırlamışdır. O həmçinin Azərbaycan və rus dillərində ibtidai və orta məktəblər üçün 20-dək dərsliyin tərtibçisi olmuşdur.
Mirzə Cabbar 1935-ci ildə filologiya elmləri namizədi və professor, 1937-ci ildə isə elmlər doktoru adlarını almışdır. O, Əsəd Şeyxzadə, Maqsud Məmmədov, akademiklər Mustafa Topçubaşov, Heydər Hüseynov, Əziz Əliyev və digər görkəmli şəxsiyyətlərin müəllimi olub.
1937-ci ilin oktyabr ayında Mirzə Cabbar Məmmədzadə ailə üzvləri ilə birlikdə həbs olunmuşdur. O, əsassız ittihamlarla güllələnmiş, həyat yoldaşı və qızı isə sürgün edilmişdir. 1957-ci ildə günahsızlığı sübut olunaraq bəraət almışdır.
Bakı şəhərinin Yasamal rayonunda yerləşən küçələrdən biri Mirzə Cabbar Məmmədzadənin adını daşıyır.
Mənbə:
Ziyəddin Məhərrəmov. İrəvanda məktəbdarlıq və maarifçilik (1800–1920-ci illərdə ədəbi-mədəni mühit). Bakı: Nurlan, 2010