Yunis Qəhrəman oğlu Rzayev 2 may 1924-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olmuşdur. 1943–1946-cı illərdə ordu sıralarında xidmət etmiş və Cənubi Qafqaz Hərbi Dairəsi nəzdində siyasi məktəbdə təhsil almışdır.
1950–1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış, daha sonra Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir. 1960–1962-ci illərdə Moskva şəhərində Sov.İKP MK yanında Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.
Yunis Rzayev əmək fəaliyyətinə Ermənistan KP Basarkeçər Rayon Komitəsində təlimatçı kimi başlamışdır. 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953-cü ildən Basarkeçər Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1957-ci ildə Çəmbərək Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.
1962–1965-ci illərdə Qaranlıq və Basarkeçər rayonlarının partiya komitələrində məsul vəzifələrdə çalışmışdır. 1965–1966-cı illərdə isə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. 1968–1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir.
Yunis Rzayev 1970-ci ildən Azərbaycanda işləmiş və 1973-cü ilədək Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsini olmuşdur. 1973-cü ildən ömrünün sonunadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Yunis Rzayev 1954–1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə tamhüquqlu üzv olmuşdur. O, VII çağırış SSRİ Ali Sovetinin, IV, V və VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və Ali Sovet Rəyasət Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır.
Yunis Rzayev 1985-ci il yanvarın 24-də vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mənbə:
Həsən Ocaqquliyev. Yadda qalan xatirələr. Bakı: Elm və təhsil. 2016