Bala Əfəndiyev

Bala İbrahim oğlu Əfəndiyev 1893-cü ildə Gəncə quberniyasının Qazax qəzasında daxil olan Qaraqoyunlu mahalının (Qərbi Azərbaycanın Çəmbərək rayonunun) Çaykənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası İbrahim Əfəndi Bala Əfəndiyev dünyaya gəlməmiş vəfat etdiyi üçün o, əmilərinin himayəsində böyümüşdür.

Bala Əfəndiyev ilk təhsilini kənd mollaxanasında almışdır. 1907-ci ildə Çaykənddə açılan rus-tatar məktəbinə daxil olmuş, növbəti ildən Qazaxdakı dördsinifli rus məktəbində təhsilini davam etdirmişdir. Burada o, rus, ərəb və digər dilləri öyrənməklə yanaşı, təhsildə nümunəvi nəticələr göstərmişdir.

1912-ci ildə Bala Əfəndiyev Bakıya gəlmiş və burada Sabunçuda “Molot” zavodunda fəhlə işləmişdir. Daha sonra Şubanı neft mədənlərində iş icraçısı kimi çalışmış və siyasi fəaliyyətə başlamışdır. 1918-ci ildə Bakı qəza komissarı, 1920-ci ildə isə Gəncə quberniyasının fövqəladə komissarı təyin edilmişdir.

1921-ci ildə Zaqafqaziya Ölkə Komitəsi Bala Əfəndiyevi Ermənistana göndərərək xalq daxili işlər komissarının müavini təyin etmişdir. Burada o, azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışı üçün çalışmış, həmçinin Qərbi Azərbaycanda mədəni və maarifçilik sahəsində irəliləyişlərə nail olmuşdur. Onun təşəbbüsü ilə İrəvanda Qadınlar Klubu və Pedaqoji Texnikum yaradılmışdır. O həmçinin qaçqınlıq nəticəsində sahibsiz qalmış azərbaycanlı uşaqlar üçün kimsəsiz uşaqlar evi təsis etmişdir.

Bala Əfəndiyev Azərbaycanda başlanan latın əlifbası hərəkatının İrəvanda rəhbəri olmuş, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda Ermənistan nümayəndə heyətinin başçısı kimi iştirak etmişdir. Bala Əfəndiyev qurultayın 15-ci iclasında İrəvanda Azərbaycan məktəblərinin də yeni türk əlifbası əsasında ana dili tədrisinin bəzi məsələlərindən danışmış və bu haqda qurultayın qərar layihəsini hazırlayan komissiyanın tərkibinə daxil edilmişdi. 

İrəvanda yaşadığı müddətdə azərbaycanlıların savadlandırılması və hüquqlarının qorunması istiqamətində  Bala Əfəndiyev mühüm işlər görmüş, həmçinin İrəvanda Azərbaycan dilində əvvəlcə “Rəncbər”, sonralar isə “Zəngi”adı ilə nəşr olunan qəzetin təşəbbüskarı və redaktoru olmuşdur. Onun təşəbbüsü ilə “Zəngi” qəzetinin iki səhifəsi latın əlifbası ilə çap olunurdu.

Bala Əfəndiyev 1927-ci ildən 1928-ci ilin sonlarınadək Ermənistan SSR xalq ictimai təminat komissarı vəzifəsində işləmişdir. 1929-cu ildən Azərbaycanda fəaliyyət göstərərək Mərkəzi Komitədə çalışmış, Mərkəzi Nəzarət Komissiyasının katibi, daha sonra Sabirabad, Lənkəran və Zaqatala rayonlarında rəhbər vəzifələrdə işləmişdir.

Bala Əfəndiyev repressiyaya məruz qalmış, 1938-ci il yanvar ayında güllələnmişdir. Təqribən 20 il sonra günahsız olduğu sübuta yetirildikdən sonra bəraət almışdır. Onun xatirəsi doğulduğu Çaykənd kəndində əbədiləşdirilərək adını daşıyan tam orta məktəb açılmış və büstü ucaldılmışdır.

Mənbə:
Misir Mərdanov, Cəlal Allahverdiyev. Qərbi Azərbaycanın böyük oğlu – Bala Əfəndiyev. 525-ci qəzet, 1 sentyabr 2023