Mehdi Kərbəlayı Məhəmmədəli oğlu Kazımov 1890-cı ildə İrəvan şəhərində anadan olmuşdur. İbtidai təhsilini İrəvanda almış, 1910-cu ildə İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. 1910–1916-cı illərdə İrəvan xalq məktəbləri direktorluğunun nəzdindəki ibtidai məktəblərdə müəllim işləmiş, daha sonra Vənənd məktəbinin və Aralıq Başkənd məktəbinin müdiri, habelə İrəvan kişi rus-azərbaycanlı məktəbinin müdiri vəzifəsində çalışmışdır. İrəvanda Azərbaycan teatrının inkişafında Mehdi Kazımovun mühüm xidmətləri olmuşdur. O, teatrın səhnəsində bir sıra rolları ifa etmişdir.
Mehdi Kazımov 1917-də ildə Tiflis Aleksandrovsk İnstitutuna qəbul olunmuş, lakin 1918-ci ildə erməni daşnaklarının zülmündən qaçaraq Gəncəyə gəlmişdir. Burada C.Cuvarlının təşkil etdiyi üçaylıq pedaqoji kursda biliyini təkmilləşdirmişdir. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra İrəvana qayıdaraq burada azərbaycanlı ziyalıların təşəbbüsü ilə yaradılan ilk təhsil ocaqlarında dərs demişdir. 1920-ci ildə Gədəbəydə oğlan məktəbinin direktoru, 1921-ci ildə isə Dəllərdə maarif şöbəsinin müdiri olmuşdur. 1922-ci ildə Ermənistan SSR Xalq Maarif Komissarlığının nəzdində təşkil edilən “azlıqda qalan millətlər” şöbəsinin müdiri vəzifəsində çalışmış, İrəvanda Yeni Türk Əlifbası Komitəsinin sədr əvəzi və büro üzvü olmuşdur.
Mehdi Kazımov 1924-cü ildə İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumunun açılmasının təşəbbüskarı və ilk direktoru olmuşdur. O, 1924–1933-cü illərdə Pedaqoji Texnikuma rəhbərlik etmiş, 1932–1933-cü illərdə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin azərbaycanlı bölməsinin məsul katibi vəzifəsində çalışmışdır.
1948-ci ilin noyabr ayında İrəvan Pedaqoji Məktəbinin Azərbaycanın Xanlar (hazırkı Göygöl) rayonuna köçürülməsi ilə əlaqədar Mehdi Kazımov da ailəsi ilə birlikdə həmin rayona köçməli olmuşdur. O, 1949–1950-ci illərdə Xanlar Pedaqoji Məktəbində rus dili fənnini tədris etmiş, 1951–1953-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) rus dili müəllimi vəzifəsində çalışmışdır.
Mehdi Kazımov 1954-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Mənbə:
Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları. Bakı: Elm və təhsil, 2022