Abbasqulu xan İrəvanski

İrəvan xanlarının varislərindən biri Abbasqulu xan İrəvanski təxminən 1830-cu ildə İrəvanda dünyaya gəlmişdir. O, Naxçıvanın müdafiəsində mühüm xidmətlər göstərmiş, 1905-ci ildə erməni daşnaklarına qarşı xalqı səfərbər edərək müsəlmanların İrəvandan köçürülməsinin qarşısını almışdır.

Abbasqulu xan maarifçilik işlərinə xüsusi diqqət yetirmiş və bu sahədə maddi dəstəyini əsirgəməmişdir. İrəvan maarifçilərinin və 104 nəfər şəhər şəhər sakininin tələbi, təklifi və hesabına İrəvanda ikisinifli rus-azərbaycanlı məktəbinin açılması məqsədilə təsis edilmiş xüsusi komissiyanın sədri olmuşdur.

1860-cı ildən başlayaraq Abbasqulu xan İrəvan şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş və 1865-ci ildə İrəvan Şəhər Dumasına üzv seçilmişdir. 1886–1899-cu illərdə həmin dumanın üzvü kimi rusdilli Azərbaycan məktəblərinin fəxri nəzarətçisi kimi fəaliyyət göstərmiş və təhsilin inkişafına böyük töhfələr vermişdir. Onun fəaliyyəti ilə bağlı məlumatlara dövrün “Qafqaz” qəzeti və “Kavkazski kalendar”da rast gəlinir.

Abbasqulu xanın fəaliyyəti təkcə hərbi və maarifçilik sahələri ilə məhdudlaşmamışdır. Onun həyatı və fəaliyyəti Naxçıvan xanlığı ilə olan qohumluq əlaqələri ilə də sıx bağlı idi.

Abbasqulu xan İrəvanski təxminən 1907-ci ildə vəfat etmişdir.

Mənbə:
Musa Quliyev. Abbasqulu Xan İrəvanski və nəsil şəcərəsi. 525-ci qəzet: 17 iyun 2009

Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları. Bakı: Elm və təhsil, 2022