Yuxarı Kilsə – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, Pəmbək çayının sağ tərəfində, hazırda isə Lori vilayətində kənd. Quqark şəhərindən 14 km cənub-şərqdə, Pəmbək çayının sağ tərəfində, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir.
Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfər, 1987-ci ildə 575 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr–dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.
Toponim cəhət, fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə dini mərkəz bildirən “kilsə” sözündən əmələ gəlmişdir. Kəndin Kilsə (sonradan Yuxarı Kilsə) adlandırılması XV yüzillikdə Yuxarı Kilsə kəndində tikilmiş alban kilsəsi ilə bağlıdır. Alban kilsəsi 1935-ci ildə dağıdılmışdır.
Kənd hazırda “Kilisa” adlanır.
Yerləşdiyi koordinatlar: 40°45′ şm. e., 44°25′ ş. u.