Hallavar

Hallavar – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 10 km cənub-qərbdə, Yuxarı Kilsə və Haydarlı (Heydərli) kəndləri arasında, Hallavar çayının yanında, Pəmbək çayının sağ sahilində, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 625 nəfər, 1886-cı ildə 664 nəfər, 1897-ci ildə 913 nəfər, 1908-ci ildə 1062 nəfər, 1914-cü ildə 445 nəfər, 1916-cı ildə 781 nəfər, 1919-cu ildə 455 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin martında kənd erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalmış, kəndin sakinləri olan azərbaycanlılar isə tamamilə deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar öz ata-baba torpaqlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 644 nəfər, 1926-cı ildə 709 nəfər, 1931-ci ildə 902 nəfər, 1939-cu ildə 951 nəfər, 1959-cu ildə 1020 nəfər, 1970-ci ildə 1838 nəfər, 1979-cu ildə 2181 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr–dekabr aylarında azərbaycanlılar qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim türk dilində “müxtəlif rəngli bitki və torpaq olan düzənlik” mənasında işlənən “ala” sözünə “möhkəmləndirilmiş istehkamı olan kənd, qala, bənd” mənasında işlənən “var” sözünün birləşməsi yolu ilə əmələ gəlmişdir. Toponimin əvvəlindəki “h” səsi artırılmış səsdir. Belə ki, Azərbaycan dilində bəzi saitlə başlanan sözlər tələffüzdə “h” səsi əlavə edilmiş formada dəyişir: araba-haraba, açar-haçar, elə-helə və s. Erməni ədəbiyyatında kəndin adı “Halavar” fonetik formasında əksini tapır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°46′ şm. e., 44°23′ ş. u.