Qaral

Qaral – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 31 km qərbdə, Bəykənd çayının yanında, dəniz səviyyəsindən 1720 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. Ermənilər 1828–1830-cu illərdə Türkiyənin Muş və Qars vilayətlərindən köçürülüb Qaral kəndində yerləşdirilmişdir.

Toponim “qarael” (→qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. “Böyük el, tayfa” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Katnacur” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°49′ şm. e., 44°08′ ş. u.