Goran – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 30 km şimal-qərbdə Çiçxan çayının yanında, Çubuxlu dağının ətəyində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Böyük Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı “Gögəran”, “Göyərçin” formalarında da göstərilir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir.
Toponim şahsevən türk tayfasından olan “goran” etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Qoqaran” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°53′ şm. e., 44°11′ ş. u.