Əfəndi

Əfəndi – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Hamamlı (Spitak) 5-7 km cənub-şərqdə, Pəmbək çayının sağ qolu üzərində, Qursalı (Arcahovit) kəndi ilə Saral (Nor Xaçakap) kəndinin arasında yerləşir. Hamamlı rayonu təşkil edilənə qədər – 1937-ci ilə kimi keçmiş Böyük Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 238 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1915–1918-ci illərdə Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra 1926-cı ildə burada 10 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə onlar kənddən sıxışdırılıb çıxarılmışdır. İndi yalnız ermənilər yaşayırlar.

Toponim Əfəndi şəxs adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Noradzor” qoyulmuşdur.

Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 44°19′ ş. u.