Çotur

Çotur – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 24 km şimal-qərbdə, dəniz səviyyəsindən 1770 m hündürlükdə yerləşir. Keçmiş Hamamlı (Spitak) rayonu təşkil edilənə kimi (1937) keçmiş Böyük Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1828–1829-cu illərdə Türkiyənin Xnıs və Muş vilayətlərindən köçürülmüşlər.

Toponim türk dilində “uc, kənar” mənasında işlənən “çotur” sözü əsasında formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Sarameç” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°46′ şm. e., 44°13′ ş. u.