Canı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Alagöz çayının yaxınlığında yerləşirdi. Kəndin adı erməni mənbələrində “Cani”, “Cani Yuxarı” kimi də qeyd edilir.
Kənddə 1873-cü ildə 86 nəfər, 1886-cı ildə 169 nəfər, 1897-ci ildə 221 nəfər, 1904-cü ildə 160 nəfər, 1914-cü ildə 176 nəfər, 1916-cı ildə 282 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalanları ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 77 nəfər, 1926-cı ildə 78 nəfər, 1931-ci ildə 111 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1940-cı illərdə kənd sakinləri – azərbaycanlılar SSRİ hökumətinin xüsusi qərarı ilə kənddən çıxarılmış və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim Canı şəxs adı əsasında yaranmışdır.