Güllübulaq

Güllübulaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Qızıl Qoç (Qukasyan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 27 km şimalda, dəniz səviyyəsindən 2040 m hündürlükdə yerləşir. Rəsmi sənədlərdə kənd “Türk Güllübulağı” və yaxud “Qarapapaq Güllübulağı” adlanmışdır. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər 1828–1829-cu illərdə Türkiyənin Ərzurum və Ərzurum vilayətlərindən köçürülüb yerləşdirilmişdir.

Toponim “güllü, çiçəkli” mənasında işlənən “güllü” sözü ilə “bulaq” sözünün birləşməsindən əmələ gəlib “güllü, çiçəkli bulaq yanında olan kənd” anlamını bildirir. Hidrotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə adı hərfi tərcümə edilərək “Vardaxbyur” qoyulmuşdur. Həmin vaxtadək kəndin adı “Erməni Güllübulağı” kimi sənədlərdə qeyd edilirdi. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°57′ şm. e., 43°55′ ş. u.