Söyüdlü

Söyüdlü – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunun, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Amasiyadan 35 km şimal-qərbdə, Arpagöldən 10 km qərbdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Kənddə 1886-cı ildə 73 nəfər, 1897-ci ildə 118 nəfər, 1908-ci ildə 89 nəfər, 1914-cü ildə 179 nəfər azərbaycanlı yaşamışdır. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kəndin əhalisi elliklə Türkiyəyə köç etmişdir. 1922-ci ildən kənd xarabalığa çevrilmişdir.

Toponim oğuzların “söyüt” etnonimi əsasında əmələ gələn söyüdlü tayfa adından formalaşmışdır.