Seldağılan – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar Amasiya (Ağbaba) rayonunun, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. Amasiyadan 15 km şimal-qərbdə, Ağbaba dağının ətəyində yerləşir.
Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni müəlliflərinin əsərlərində kəndin sakinləri kimi qarapapaqlar göstərilir. Qarapapaqlar azərbaycanlıların etnoqrafik qruplarından biri olmuşdur. Kənddə 1886-cı ildə 231 nəfər, 1887-cı ildə 360 nəfər, 1908-ci ildə 359 nəfər, 1914-cü ildə 414 nəfər azərbaycanlı yaşamışdır. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kəndin əhalisi elliklə Türkiyəyə köç etmişdir. Hazırda xarabalıqdır.
Toponim “su daşqını” mənasında işlənən “sel” sözü ilə “dağılan” feili sifətinin birləşməsindən əmələ gəlmişdir.