Bozqala

Bozqala – keçmiş Qars vilayətinin Qars qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırkı Şirak vilayətinin ərazisində mövcud olmuş kənd. İlanlı (Çaybasar) kəndinin cənub-şərqində, Arpaçayın sağ sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1908-ci ildə 139 nəfər, 1914-cü ildə 159 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci il ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi də İranın Gümrüdəki konsulluğu vasitəsilə İranın Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci il Qars müqaviləsinə əsasən kənd Ağbaba nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Azərbaycanlıların bir qismi 1922-ci ildən kəndə qayıda bilmişlər. 1926-cı ildə 55 nəfər, 1931-ci ildə 94 nəfər, 1939-cu ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı ildə kənd ləğv edilmiş, əhalisi Çaybasar kəndinə köçürülmüşdür. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “çılpaq, otsuz, meşəsiz” mənasında işlənən “boz” sözü ilə “qala” sözünün birləşməsindən əmələ gəlmişdir.