Ardaraz

Ardaraz – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırkı Vayotsdzor vilayətində mövcud olmuşdur. Yelpin kəndindən qərbdə, Qozluca kəndinin yaxınlığında yerləşirdi. Mənbələrdə kəndin adı “Artaras”, “Artaraz”, “Artarax”, “Artaraq”, “Ardalas” formalarında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 30 nəfər, 1873-cu ildə 219 nəfər, 1886-cı ildə 304 nəfər, 1897-ci ildə 332 nəfər, 1904-cü ildə 353 nəfər, 1914-cü ildə 388 nəfər, 1916-cı ildə 507 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz doğma yurdlarına dönə bilmişlər. Burada 1922-ci ildə 114 nəfər, 1926-cı ildə 120 nəfər, 1931-ci ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd 1939–1940-cı illərdə ləğv edilmişdir.

Toponim türk dilində “dağlıq, dağ keçidi, təpə” mənasında işlənən “art” sözü ilə türk dilində “açıq yer, tala” mənasında işlənən “alas”(əsli alan) sözünün birləşməsindən əmələ gəlmişdir.