Sultanabad

Sultanabad – keçmiş Qars vilayətinin Qars qəzasıın Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 35 km məsafədə, Arpa gölünün sahilində, dəniz səviyyəsindən 2040 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni müəlliflərinin əsərlərində kənddə yaşayanların qarapapaqlar olduğu göstərilir. Qarapapaqlar azərbaycanlıların etnoqrafik qruplarından biri olmuşdur və türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 171 nəfər, 1897-ci ildə 249 nəfər, 1908-ci ildə 286 nəfər, 1914-cü ildə 384 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. Burada 1922-ci ildə 144 nəfər, 1926-cı ildə 198 nəfər, 1931-ci ildə 224 nəfər, 1970-ci ildə 219 nəfər, 1979-cu ildə 260 nəfər, 1987-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonu, 1989-cu ilin əvvəllərində azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuş, kənddə Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar.

Toponim iki sözün – şəxs adı bildirən “Sultan” və “müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen” mənasında işlənən “abad” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 noyabr 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şurabad”, Ermənistan prezidentinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə kəndin adı təkrar dəyişdirilərək “Pağakn” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°03′ şm. e., 43°40′ ş. u.