Qoncalı

Qoncalı – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 40 km şimalda, Arpa gölündən 7-8 km cənub-şərqdə, dəniz səviyyəsindən 2050 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində Xancallı kimi qeyd edilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kəndin köklü sakinləri azərbaycanlıların etnogenezində iştirak edən qarapapaq türk tayfaları olmuşdur. Siyahıyaalmalarda qarapapaqlar xalq kimi göstərilmişdir. Kənddə 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 253 nəfər, 1908-ci ildə 303 nəfər, 1914-cü ildə 392 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi qaçqın düşmüşdür. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda kənddə, əsasən, Gürcüstanın Axılkələk və Boqdanovka (Ninosminda) rayonlarından köçüb gələn ermənilər məskunlaşmışlar.

Toponim “gəncəli” (→qoncalı) türk etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Zarişat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 41°00′ şm. e., 43°39′ ş. u.