Baytar

Baytar – keçmiş Aleksandropol qəzasının Qızılqoç nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 26 km şimal-qərbdə, Arpaçayın sol sahilində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir.

Kənddə 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 231 nəfər, 1886-cı ildə 167 nəfər, 1897-ci ildə 188 nəfər, 1914-cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən qırğınlara məruz qoyularaq qovulmuşlar. Ermənilər bura 1918–1920-ci illərdə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişlər.

Toponim baytar (baydar) türk tayfasının adı əsasında formalaşmışdır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hovtun” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°58′ şm. e., 43°49′ ş. u.